Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ceyhun Bayramov İranın yeni səfiri ilə görüşdü - Fotolar
 
						Ceyhun Bayramov İranın yeni səfiri ilə görüşdü 
							 - Fotolar
Əlavə olunub: 06.25.2025 | 18:15 | Baxılıb: 953
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın ölkəmizdə yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilunu qəbul edib.

XİN-dən “past.az”ya verilən məlumata görə, görüş zamanı, səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, bölgədə cari təhlükəsizlik məsələləri, o cümlədən, İsrail-İran qarşıdurması müzakirə olunub.

Azərbaycanla İran arasında dost münasibətlərin inkişafında ölkə liderləri arasında təmasların, o cümlədən mövcud siyasi dialoqun vacibliyi, ümumi maraq kəsb edən məsələlərin müzakirəsinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi vurğulanıb.

İsrail-İran qarşıdurması ilə əlaqədar ölkəmiz tərəfindən nümayiş etdirilmiş mövqe və narahatlığımız bir daha diqqətə çatdırılıb. İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, digər rəsmi şəxslərin və İran vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı diləkləri səfirə bildirilib. Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu qeyd edilib.

Azərbaycanın quru sərhədindən istifadə etməklə müxtəlif ölkələrin və İranın vətəndaşlarına keçid üçün şərait yaradıldığına görə Azərbaycan tərəfinə təşəkkür ifadə olunub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.