Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
FETÖ-yə görə saxlanılan universitet müəlliminə - Hökm oxundu
 
						FETÖ-yə görə saxlanılan universitet müəlliminə 
							 - Hökm oxundu
Əlavə olunub: 03.12.2025 | 16:32 | Baxılıb: 4374
2023-cü ilin iyul ayında Azərbaycanda FETÖ-yə qarşı keçirilən əməliyyat çərçivəsində saxlanılan şəxslərdən daha biri – 1980-ci il təvəllüdlü Ruslan Əliyevə hökm oxunub.

“past.az"in əldə etdiyi məlumata görə, Abşeron Rayon Məhkəməsi Ruslanı Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) və 167-ci (dinə etiqad etməyə məcbur etmə) maddələri ilə təqsirli bilib.

Araşdırmalarla müəyyən edilib ki, Ruslan Əliyev “Yurd” mərkəzinin direktoru və keçmiş “Qafqaz” Universitetinin müəllimidir.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat zamanı saxlanılan R.Əliyevin avtomobilindən və yaşadığı evdən FETÖ terror təşkilatının bir müddət öncə vəfat etmiş lideri Fətullah Gülənin çoxsaylı kitabları və saxta pullar, digər çap nümunələri və təbliğat vasitələri götürülüb.

Məhkəmənin hökmü ilə Ruslan Əliyevə 5 il 6 ay həbs cəzası verilib.

Qeyd edək ki, əməliyyatlar çərçivəsində FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olduğu iddia edilən Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh Gümrah Əbdürəhmanov, “Yurd” mərkəzinin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh şəxs Anar Əliyev və İlkin Həşimli saxlanılmışdı.

Bir neçə gün əvvəl Binəqədi Rayon Məhkəməsi İlkin Həşimliyə də 5 il 6 aylıq həbs cəzası verib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.